«Yazmayanda daha çox şair oluram…»
"Yazmayanda daha çox şair oluram…"
Azərbaycan Dövlət Televiziya və Radiosu “Xalq yaradıcılığı” redaksiyasının baş redaktoru, əməkdar jurnalist, şair Tahir Talıblı bu gün 68-cı doğum gününü qeyd edir. Bu münasibətlə www.kitapcy.ga adından şairi təbrik edir, ona uzun ömür, can sağlığı arzu edir, yaradıcılığında uğurlar diləyirik!
Tahir Talıblı: «Mənə elə gəldi ki, bütöv bir şair ömrü yaşamışam, indi ölüm ayağındayam. Məni ölüm ayağında yazacağım son şerin qorxusu, xofu basdı. Onu da deyim ki, ömrüm boyu o xof mənimlə qaldı. Ama o şeir yazılmadı, başa düşdüm ki, heç yazılası da deyil. Əslində hər doğulan şeir ölüm ayağının şeiri kimi yazılmalıdı. Bəlkə buna görə də az yazdım. Çox az yazdım. Şairliyimi yazanda yox, yazmayanda daha çox hiss eləmişəm. Yazmayanda daha çox şair oluram. Hər halda şeirə gəlişim aldanış idi»
■ Yuxularda yurd
Gedəmmirəm, gələmmirəm, ay Allah,
Nə ugrunda öləmmirəm, ay Allah,
Gennənsə də görəmmirəm, ay Allah,
Mən nə qədər yuxularda yurd görüm?!
Heç bilmirəm azmı, çoxmu günahın ,
Yoxsa paksan, yoxsa yoxmu günahın,
Olacaqlar olacaqmı günahın?
Qoca dünya, günahını ört, görüm.
Ayılmıram bu nə agır yuxudu,
Bu qarğışı ömrümə kim oxudu?
Bu fələyin atdığı yay oxudu,
Qaldır görüm, tuşla görüm, dart görüm.
Dərviş ruhlar yalquzaq tək ulayar,
Yollar məni öz başıma dolayar,
Dağlar gennən dinazını yollayar,
İnanmıram, bunnan ağır dərd görüm.
1989
***
Öz içimnən başladığım
Sona çatıb yürüş daha.
Butalamaz ayrılıqlar,
Kama yetməz görüş daha.
Öz-özünə kim qocalıb,
Daha əllərim qocalıb
Içimdə içim qocalıb
Gətirəmmir duruş daha.
Içibdi eşqin camını,
Dadıbdı dərdin tamını
Tanrının bu adamını
Göyüzünnən soruş, daha.
2007
***
Ömründə ən uca yer
Ölümə yıxıldığın yerdi.
Ən çox özünə bənzəyən
Ən çox sıxıldığın yerdi.
İçin-içində qurduğun
Yorub-yortub yorulduğun
Son ümidi də qırdığın
Yanıb-yaxıldığın yerdi.
Öz-özünə darıldığın
Axıb-axıb durulduğun
Bəlkə bir gün var olduğun,
Bir gün yox olduğun yerdi.
25.11.10.
***
Nə var ki, ölməkdən asan
Nə də yaşamaqdan usan
Uca dağ başınnan aşan
Günüm yol elədi məni.
Elə beləsə də qulam
Lələ bələsə də qulam
Ağa eləsə də qulam,
Başdan qul elədi məni.
Nə fərqi lap güllələyin,
Ya başıma gül ələyin.
Hamınıza əl eləyən-
Tanrım, əl elədi məni
***
Bitili qara daşıydım,
Çox yurddan-yurda daşındım,
Qəriblik çəkdim, aşındım,
Yenə də üzü daş qaldım.
Bu dünya sərxoş dünyadı,
İşi tamam yaş dünyadı,
Gördüm ki, çaşbaş dünyadı,
Mən özüm də çaşbaş qaldım.
Yeyir kimi, yemir kimi,
Nə gözləyir demir kimi,
Bir ot basmış qəbir kimi,
Söküldüm, içi boş qaldım.
noyabr, 2014
***
Vaxt-vədə ötüşən kimi,
İçimə çən düşən kimi,
Özümnən gen düşən kimi,
İt kimi, qurd kimi qəribsəyirəm.
Ölüsüz qəbirlər çökük,
Daş evləri uçuq-sökük,
Qaşı batıq, qəddi bükük,
Yurd kimi qəribsəyirəm.
Atlar çapışır yüyənsiz,
Barrar-bacalar iyəsiz,
Bir kimsəsiz, bir yiyəsiz,
Dərd kimi qəribsəyirəm.
aprel, 2015
Tahir TALIBLI. Goşgular