«Sən eşqi, mən eşqin şəklini çəkdim…»
"Sən eşqi, mən eşqin şəklini çəkdim…"
■ Ya sevda bitəcək, ya daş bitəcək…
Bitdisə…
Bir andı…
Nə fərqi var ki…
Ya payış bitəcək, ya qış bitəcək.
Mənim bulud-bulud dualarımdan
Enində-sonunda yağış bitəcək…
Bu mənəm…
İllərin dolanbacında —
Nə dərddən doyuram, nə əlacından…
Kölgəm çəkilərsə yol ayrıcından,
Ya göz yorulacaq, ya yaş bitəcək.
Sıyrılıb çıxacaq ömrün son fəsli,
Bu qara sevdadan qaranəfəsli…
Qorxma…
Təslim oldum özümə, təslim,
Qorxma…
Gözlərimdə
Savaş bitəcək…
İçimə toxum tək ələsin külək…
Bir ovuc göz yaşı…
Bir övuc çiçək…
Dəli ürəyimə nə əkirsən, ək…
Ya sevda bitəcək, ya daş bitəcək…
■ Səndən son istəyim…
Bir albom hazırla fotolarından
İçində göz yaşı olmasın,
amma…
Nə ağrı, nə açı, nə dərd, nə əzab,
Nə də məzardaşı olmasın,
amma…
Çiçəklər içində, güllər içində
Çiçək gülüşünün şəklini çəkdir.
Çəkdir əllərinin hərarətini,
Titrək öpüşünün şəkilini çəkdir…
Çələng hör sevdalı baxışlarından
Saçının telinə düz, mənə göndər.
Bu dəli sevdanın eşq şərbətini
Buta badəsinə süz, mənə göndər.
İçinlə, ruhunla, baxışlarınla,
Qəlbinlə təmasda şəklini çəkdir.
Təpədən-dırnağa bürün sevgimə,
Sonra…
Bu libasda şəklini çəkdir.
Astaca pıçılda sevirəm sözün –
Sonra çək… səsinin şəklini göndər…
Mənə saçlarının ətrini yolla,
Mənə nəfəsinin şəklini göndər…
■ Amma yoxsan…
Bircə damla su çilə içimdəki atəşə
Lap elə gözündəki yaşı ver sərinləyim.
Buz kimi kədərindən pərdə bağla Günəşə,
Bu isti yay günündə qışı ver, sərinləyim.
Bu şəhəri kim doğdu, kim böyütdü, görəsən,
Nədir bu qədər qəzəb, bu qədər kin, İlahi?!
Sevgimizi kim uddu, kim üyütdü, görəsən?
Nə vaxt sonu gələcək bu nifrətin, İlahi?!
Çətindi öz içində özünə yas saxlamaq
Milyonların içində özgə olmaq çətindi.
Çətindi öz ruhuna öz içində ağlamaq,
Bir ovuc göz yaşında…
Kölgə olmaq çətindi.
İlahi…
bir işartı,
Bir təbəssüm,
bir gülüş…
Saxta qəhqəhələrdən sıxıldı ruhum, Allah!
İlahi…
Bir pıçıltı…
Bir hərarət…
Bir öpüş…
Baltalandı,
Çapıdı,
Yıxıldı ruhum, Allah!
Gedirəm…
Tapdalayıb saxta ümidlərini,
Gedirəm…
Gediləsi bircə yerim də yoxsa…
Yükümü bağlamışam
Toplayıb dərd-sərimi,
Səni də aparardım özümlə…
Amma yoxsan…
■ Bircə kəlmə payız…
Sən demə heç yoxmuş həsrətin sonu,
Sən elə tənhaydın, mən elə təkdim…
Nə çəkdin, nə çəkdim,
Bilirəm bunu –
Sən eşqi, mən eşqin şəklini çəkdim…
Sil mənim adımı,
Sil…
Yenidən sil…
Sevgi qatarının son biletindən.
Qəlbimdə ilməsiz bircə yer qalıb
Dur as gözümdəki portretindən…
Son sözüm nə oldu?
“Uzaqmı yollar?…
Bircə kəlmə… susma, burcə kəlmə yaz”.
Dilimin ucunda iki fəsil var –
Bircə kəlmə payız, bircə kəlmə yaz…
Sənə nə göndərim,
Payız, yoxsa yaz?…
Mənimçün fərqi yox, elə xəzandı!
Daha içimdəki ocaq alışmaz,
Sən öz gözündəki çırağı yandır.
…Düşdün ayrılıqlar köçünə, yenə
Yol deyil qayıdıb gələ biləsən…
Dərd deyil çəkəsən içinə, yenə…
Yurd deyil…
Uğrunda ölə biləsən…
■ Gedəsən
Qurtulub bu qul köçündən
Nəyin var alıb gedəsən.
Milyonlarla yol içindən
Yolunu bulub gedəsən.
İlhamın yorulan yerdən,
Bulanıb durulan yerdən,
Son dəfə qırılan yerdən
Qələmi yonub gedəsən.
Yol bitsə də dönməyəsən,
Dünya qopsun…
Dinməyəsən…
Təkcə…
Dizə enməyəsən…
Çatlayıb, sınıb gedəsən.
Tapdalayıb tabuları,
Bu qondarma yapıları…
Çırpıb bütün qapıları
Cəhənnəm olub gedəsən!
■ www.adam…
Sil məni,
sil məni xatirələrdən,
Sonra unut getsin sildiyini də…
Adımı, səsimi, baxışlarımı…
Hətta kimliyimi bildiyini də…
Sil gənclik səklimi bilgisayardan,
Sonra dönə-dönə səbəti yoxla…
Sonra sağ əlini masaya endir…
Sonra sol düyməni qəlbimə tıkla…
…Yeni bir pəncərə aç ürəyimdən:
…www… adam…
“Səni gözləmişdim bir ömür boyu!
Sənlə tanışlığa necə də şadam”.
…Məni axtarmısan bilgisayarda
Yeni ünvanımı tapdın…
Bəs indi?
Dünən məzarıma çiçək qoyan qız
Virtual sevgilin olsa, bəsindi?
■ Adını yaz, get…
Yenə darıxırsan?
Adını yaz, get
Ya sinəm üstünə, ya başdaşıma.
Ay kövrək, nisgilli qadınım…
Yaz get…
Ya sinəm üstünə, ya başdaşıma.
Başımın üstündən yağışını çək…
Yığışdır yollardan baxışını, çək…
Bir qərib sevdanın naxışını çək
Ya sinəm üstünə, ya başdaşıma.
Di sil alnımdakı yazını, qazı…
Ömrün şaxtasını, buzunu qazı…
Götür…
Əllərinin izini qazı
Ya sinəm üstünə, ya başdaşıma…
■ Gələrəm
Bilirəm ki, yorulmuşam…
Ömür qısa…
Yol uzun.
Nə olsun ki,
Bu gecə də parlamadı ulduzum…
Qəribsəmə…
Çək içinə
tənhalığın ətrini,
Sən sabahın qədrini bil,
Mən dünənin qədrini…
Bu son tələ…
Bir az gendən
Gülüb keçsə, gələrəm…
Ömür keçdi
Gələmmədim
Ölüm keçsə,
Gələrəm…
■ Kimsə bilməyə
Gedər-gəlməz bir səfərdən
Gələsən, kimsə bilməyə…
Qismətinə için-için
Güləsən, kimsə bilməyə…
Təzələyib yaddaşını,
Viran olmuş başdaşını…
Şəklindəki göz yaşını
Siləsən, kimsə bilməyə…
Varıb eşqin hücrəsinə
Əzabdan çatlasın sinən…
Bir sevdadan dönə-dönə
Öləsən, kimsə bilməyə…
■ Alnıma yazılan yazı əriyib
Dərdimin üstündə kirşə çəkən qız
Çəkmə, dərdlərimin buzu əriyib.
Sənin duz basdığın köhnə yaradı
Üstündə min ilin duzu əriyib…
Yenə aramıza səd düşüb, Allah,
Düşüb, toxum kimi…
Dərd düşüb, Allah…
İçimə elə bir od düşüb, Allah,
Alnıma yazdığın yazı əriyib…
Susduq göz yaşında xatirələrin,
İçində, dışında xatirələrin…
Gecdi…
Yaddaşımda xatirələrin
Ləpiri ovulub, izi əriyib.
■ Bir sevdaya tutulasan…
Uzaq…
uzaq bir yol ola
Gedəsən sonuna kimi.
Bir sevdaya tutulasan
İşləyə qanına kimi.
Goz yaşların durula kaş,
Kirpiyindən qırıla kaş…
Ruhun eşqə sarıla kaş…
Haqqın divanına kimi.
Sənsizliyim qaraçuxam…
Sənsiz heçəm, sənsiz yoxam,
Bütün yollar gəlib çıxa
Kaş…
sənin yanına kimi.
■ Bir ovuc dərd at…
Deyəsən yük oldu sənə…
Nə dərdin var…
ver, daşıyım.
Bir az…
Təsəlli ver yenə,
Bir az…
Ümid ver yaşayım.
İçimdə eşq vərəmləyib…
Sevda-sevda qan qusacaq…
Ruhum çırpınır quş kimi,
Bir ovuc dərd at, susacaq…
Elçin Mirzəbəyli. Goşgular