Nazim Əhmədlinin şeirləri
Nazim Əhmədlinin şeirləri
bir gün mən də bulud olum,
göy üzündən baxım sənə;
sonra qaralım, bozarım,
guruldayım yağım sənə;
əllərini uzat göyə,
yağma-yağma deyə-deyə;
mən də qoşulum küləyə
toxunsun ayağım sənə;
sonra dönüm işıq olum,
baxım sənə, aşiq olum;
yaşıl bir sarmaşıq olum,
dolansın budağım sənə;
bir az saral, bir az da sol,
bir az kövrəl, bir az da dol;
sonra bir şirin bulaq ol
qurusun dodağım sənə.
■ belə lal baxış olarmı
belə lal baxış olarmı,
istədim su olub axım;
üzünü çevirmə yana,
qoy sənə doyunca baxım;
oyansın otlar, çiçəklər,
oynasın xırda böcəklər;
könlümdə həsrət çiçəklər
gəl səni bağrıma sıxım;
mənə təntimə, acıma,
əllərini çək saçıma;
ürəyini qoy ovcuma.
qaçım bu dünyadan çıxım.
■ dəli aşiq nə dersən de
dəli aşiq nə dersən de,
dərdin üzü gülmədi heç;
dünyanın yolları uzun,
gedən yollar dönmədi heç;
bulud gəldi, oynaxladı,
Göyün göyüzü laxladı;
anam dağları ağladı,
göz yaşını silmədi heç;
tay mənə şeir oxuma,
həsrət qarışıb ahıma;
bulaqlar girdi yuxuma,
dağlar özü bilmədi heç;
dərd dediyin bir pətəkdi,
dağıldı, üstümə səkdi;
ayrılıqlar uzun çəkdi,
ayrılıqlar ölmədi heç.
■ üzün-gözün nə şirindi
ağ duman dağa büründü,
həsrətin yeri göründü;
üzün- gözün nə şirindi,
dodağında çiyələk var;
odumnan, közümnən gəldim,
üzüldüm özümdən, gəldim;
qəlbi Göyüzündən gəldim,
hər çiynimdə bir mələk var;
gözlərin ala boyandı,
əllərim alışdı, yandı;
qara tellərin oyandı,
elə bil dağda külək var;
gəl, nağıl yoğurum sənə,
yazılsın axırım sənə;
yaxın gəl, toxunum sənə,
qanadlarımda lələk var;
bir az da ayrılma dayan,
dərdlə dolub o yan, bu yan;
alnımıza yazı oyan,
aramızda bir fələk var.
■ bilmədim bu nə səsiydi
bilmədim bu nə səsiydi,
gəldi min atlı, deyəsən;
çığrışdı qara saçlarım,
qulağım batdı deyəsən;
bu qış deyil, çillədi ki,
hər yanı ağ bələdi ki;
həsrət elə mələdi ki,
dərd özün atdı, deyəsən;
nədi,nədi dərdin adı,
gəldi hər yanı daladı;
o nə güldü, nə ağladı
o da boyatdı deyəsən;
dedilər ki, qaça-qaçdı,
ürəyimin rəngi qaçdı;
ruhumdan bir dua uçdu,
Allaha çatdı, deyəsən.
■ mən daha, daha da köhnə
mən daha, daha da köhnə
mən min illərin adamı;
yazın, yazın ağaclara,
yazın daşlara adımı;
nə bilim, yoxam bəlkə də,
yürüyüb çıxam bəlkədən;
gələm bir uzaq ölkədən,
təzələyəm boyatımı;
nə var, nə var axı burda,
çıxım gedim itən yurda;
qismət olum bir ac qurda,
bilsin ağzının dadını;
ürəyim baxır içimdən,
elə söz axır içimdən;
gəl, məni çağır içimdən,
çağır, könlümün qadını;
çağır məni öz adımnan,
çağır Doğumnan, Batımnan;
çağır məni boyatımnan,
yandırım eşqin şamını.
■ ürəyimə bir söz gəlib
ürəyimə bir söz gəlib,
gəlib min sözə bölünəm;
gəl, tutum əlindən bir az
bəlkə azacıq ilinəm;
yollarım dönməyib hələ,
həsrətim dinməyib hələ;
kösöyüm sönməyib hələ,
ocaqda qalan külünəm;
bilmirəm nəyinəm sənin,
dalınca deyinəm sənin;
yağışın, buludun, çənin,
dağlardan gələn selinəm.
duman dağların tülüdü,
baxdım, ürəyim ləlidi;
hərə bir cürə dəlidi,
mən yazıq sənin dəlinəm.
■ ulduzlar qopurmuş kimi
ulduzlar qopurmuş kimi,
o yankı üzündən göyün;
yuxularım qar-qarışıq,
yuxularım löyün-löyün;
bu nə yuxudu görürəm,
dərdi çiçək tək dərirəm:
hara isə göndərirəm,
qanadında bir mələyin;
sən nə yaşda, mən nə sində,
ağ buludlar kündə- kündə;
mən quşammı göy üzündə,
qopub tökülür lələyim;
qaçıb bir qəfil yazıdan,
gəlirəm dərdin yasından;
buludların arasından,
üzü görünür fələyin;
ruhum hayana tələsir,
yarpağın üstə şeh əsir;
dusdaq dağlardan meh əsir,
dəyir üzümə küləyi.
■ bu yer haradı görən
bu yer haradı görən,
nə dağı, nə düzü var;
nə qaranlıq gecəsi,
nə burda gün üzü var;
daşı, ağacı qara,
göyüzü para-para;
suyu çəkilib hara
bir ölü dənizi var;
torpağı lilə dönüb,
bərkiyib, gilə dönüb;
ocağı külə dönüb,
xırdaca bir közü var.
evlərin damı yoxdu,
kəndin adamı yoxdu;
hardadı hamı,yoxdu,
bir solğun bənizi var:
burda necə yaşayır,
üzü kədər daşıyır;
adama da oxşayır
bir qəribə üzü var;
bu nə yuxudu belə,
ürəyim qopur, lələ;
səhərə çox var hələ
gecənin gündüzü var;
adam üşüyür burda,
həsrət tövşüyür burda;
ah, kim yaşayıb burda,
burda adam izi var.
■ bu yol yenə də uzandı
bu bulud yaman qaralıb,
içindəki qarmı, gəlsin;
həsrət dil açıb ləlidi
gözündəki qormu, gəlsin;
amanım-ahım perikib,
mənnən Allahım perikib;
min i
ldi ruhum perikib
ruhum mənə yarmı, gəlsin;
səs gəlir ahdan o yana,
nə var, Allahdan o yana;
hardasan ana, ay ana
o sənli çağlarım gəlsin;
həsrətim dəli ozandı,
nə yoruldu, nə usandı;
bu yol yenə də uzandı
mənnən gedən varmı, gəlsin;
nədi,nədi balam, adın,
içimdə çırtladı odum;
mən dağları bulamadım
qoy mənə dağlarım gəlsin.
Nazim ƏHMƏDLİ. Goşgular